İQTİSADİYYAT

Fındığın qiymətində 24%-ə qədər ucuzlaşma nə ilə bağlıdır? - DETALLAR

Ekspert hesab edir ki, əgər fındığın qiyməti 5 manatdan aşağı düşməsə, fermerlər onu əkib yetişdirməkdə maraqlı olar.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Bu il Azərbaycanın fındıq ixracından gəlirləri artıb. Ölkəmizdən ən çox fındıq ləpəsi İtaliyaya, Rusiyaya, Almaniyaya göndərilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatyında deyilir.
Cari ilin birinci yarısında Azərbaycandan 55 milyon 586.7 min dollar dəyərində 9 min 666.2 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 47.52%, dəyər baxımından isə 38% çoxdur.
Ötən ilin 6 ayında ölkəmizdən 40 milyon 266.1 min dollar dəyərində 6 min 552.5 ton fındıq ləpəsi xaricə göndərilib.
Ən çox fındıq ləpəsi İtaliyaya ixrac edilib
Bu ilin ilk yarısında ölkəmizdən ən çox fındıq ləpəsi İtaliyaya ixrac edilib. Belə ki, İtaliyaya 23 milyon 456.5 min dollar dəyərində 3 min 762 ton fındıq ləpəsi göndərilib.
Ən çox fındıq ləpəsi göndərilən ikinci ölkə Rusiya olub. 6 ayda 16 milyon 924.4 min dollar məbləğində 3 min 47.9 ton məhsul həmin ölkəyə göndərilib.
Üçüncü yerdə Almaniya gəlir. Azərbaycandan 10 milyon 583.8 min dollar dəyərində 1675 ton fındıq ləpəsi həmin ölkəyə ixrac edilib. Sonrakı yerlərdə isə Qazaxıstan, İsveçrə, Lüksemburq gəlir.
Qiymətlərə gəlincə, Azərbaycanda bu ilin iyun-iyul aylarında quru fındığın topdansatış qiyməti sabit qalıb. Belə ki, həmin aylarda 1 kiloqram quru fındığın topdansatış qiyməti 4 manat 10 qəpik olub.
Son bir ildə fındıq ucuzlaşıb
Amma iyul ayında topdansatış qiymətlər ötən ilin müvafiq dövrü ilə müayisədə ucuzlaşıb. Göy, qabıqlı fındığın 1 kiloqramı bu ilin iyulunda 1.60 manat olub, ötən ilin iyul ayında isə 2.10 manat idi. Bu isə 23.8% ucuzlaşma deməkdir.
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov deyib ki, bəzi fermerlərə fındıq əkmək sərf etmir, çünki gec və az məhsul verən bitkidir:

"Amma qiymət qalxarsa, fındıq bağları arta bilər. Məhsul təzə çıxanda qiymət baha olur, sonra bazarda məhsul çoxalanda qiymət aşağı düşür. Əgər qiymət 5 manatdan aşağı düşməsə, fermer üçün onu əkmək maraqlı olar. Gec məhsul verən bitkiləri (nar, zeytun və s.) əkənlərə dövlət tərəfindən subsidiya verilir ki, bunlara maraq artsın".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
Qeyd edək ki, 2021-ci ilin məlumatına əsasən Azərbaycanda fındıq bağlarının sahəsi 80.4 min hektar olub. 2021-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.5 dəfə, 2020-ci ilə nisbətən 1.0% artıb.
2021-ci ildə cəmi fındıq bağlarının 25.1%-i Zaqatalada, 13.1%-i Balakəndə, 12.7%-i Qaxda, 12.2%-i Xaçmazda, 8.9%-i Qəbələdə, 8.1%-i Qusarda, 5.8%-i Şəkidə və 5.3%-i Oğuzda olmaqla, ümumilikdə 90.0%-dən çoxu 8 rayonun payına düşüb.
Fındıq istehsalı artıb
Ötən il fındıq istehsalı 2015-ci ilə nisbətən 2.1 dəfə, 2020-ci ilə nisbətən isə 36.6% artaraq 67.6 min ton olub. Bununla yanaşı, keçən il Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nisbətən 9.4%, qabığı təmizlənmiş fındıq (ləpə) ixracı isə 2.6 % artıb. Cəmi fındıq ixracının dəyər ifadəsində 97.3%-i fındıq ləpəsinin, 2.7%-i isə qabıqlı fındığın payına düşüb.
Fındıq, arxiv şəkli
Keçən il ən çox Rusiyaya fındıq ləpəsi göndərilib
Ötən il Azərbaycandan fındıq ləpəsi ixracının 43.2%-i Rusiyanın, 30.0%-i İtaliyanın, 13.9%-i Almaniyanın, 12.9%-i isə digər ölkələrin payına düşüb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə 2022-ci ildə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar intensiv bağlar hesab edilir.
Avropa İttifaqından Azərbaycan fındığı ilə bağlı mühüm qərar
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) 2019-cu il müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.
Lakin ötən ilin sonunda Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, hər yük partiyasını toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edib.
Yəni məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti əsasında Aİ-yə ixrac olunur.