BAKI, 7 sentyabr — Sputnik. "Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar".
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, söhbət tək kameraların quraşdırılmasından getmir: "Eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, orada sistem qurmaq mümkün olsun. Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80%-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır".
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə uşaq bağçalarının birində azyaşlıya qarşı zorakılığı əks etdirən görüntü paylaşılıb. Həmin görüntüdə bağça əməkdaşının azyaşlının saçından tutaraq silkələməsi əks olunub. Videogörüntü sosial platformada sərt tənqidə səbəb olub. Araşdırma zamanı məlum olub ki, videogörüntülər Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdən yayılıb. Aşpaz tort kəsilərkən uşağın saçından dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.
Bu ilin yanvar ayında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Elm və Təhsil Nazirliyindən məlumat verilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna, azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yanvarın 14-dən ləğv edilib.