AZƏRBAYCAN XƏBƏRLƏRİ

Zaqatala, Qəbələ və Oğuzda meşə yanğınları tam söndürülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi respulikanın şimal-qərb bölgəsindəki meşə yanğınlarının tam söndürüldüyünü açıqlayıb.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Ölkənin şimal-qərb bölgəsində baş verən meşə yanğınları tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb.
Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak ediblər.
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları baş verib.