BAKI, 6 sentyabr — Sputnik. Vaşinqton və Brüssel "sanksiya dəliliyini" həyata keçirmək üçün Romanı iqtisadi intihara sövq edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İtaliya xalqı və ölkə iqtisadiyyatı Vaşinqton və Brüsselin mənasız siyasi qərarlarına əsir düşüb.
"Görünür, Roma təkcə mənasız hərəkətlərə deyil, Avro-Atlantik sanksiyaların çılğınlığını həyata keçirmək üçün iqtisadi intihara sövq edilir. Zəhmətkeş italyan biznesi çökdükdə isə, yankilər onu ucuz qiymətə alacaqlar", - deyə diplomat öz "Telegram" hesabında yazıb.
O qeyd edib ki, eyni zamanda çinli investorlara da ümid etmək olmaz. Çünki Qərbi təhqir etdikdən sonra Pekin başqalarının hesabını ödəməyəcək.
Zaxarova İtaliyanın ekologiya naziri Roberto Çinqolaninin İtaliya iqtisadiyyatının Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq planına da diqqət çəkib.
"Beləliklə: bir-iki saatlıq istilik rejiminin azaldılması ilə fərdi evlərdə istiliyin 18-19 dərəcəyə endirilməsi. Küçə işıqlandırmasının azaldılması və bəlkə də gecələr restoran və barların bağlanması. Pandemiya geri dönür. Ancaq onu indi siyasətçilər yaradırlar", – deyə rus diplomat bəyan edib.
İtaliyanın "Liqa" partiyasının lideri Matteo Salvini daha əvvəl "RTL" radiostansiyasına verdiyi müsahibədə enerji qiymətlərinin sürətlə artmasına və italyanların öz hesablarından əvvəlkindən, təxminən, dörd dəfə çox ödəniş etməyə məcbur olmalarına səbəb olan məhdudiyyətlərə son qoymağa çağırıb.
İtaliya Milli Statistika İnstitutunun son məlumatlarına görə, ölkədə inflyasiya illik müqayisədə 8,4%-ə qədər sürətlənərək 1985-ci ildən bəri ən yüksək həddə çatıb.