CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reabilitasiya mərkəzləri ciddi yoxlanılmalıdır-Uşaqlar təhlükədə - VİDEO

Bir uşağın reabilitasiyası üçün bir gündə 70-80 manat vəsait tələb olunur.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Paytaxtın Nizami rayonunda yerləşən , "Mehnur" reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətləri əks etdirən görüntülər ölkədə böyük rezonansa səbəb olub.
"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.
Baş vermiş hadisə bu tip özəl reabilitasiya mərkəzlərinə nəzarət məsələsini də aktuallaşdırıb. Sayları günü-gündən artan reabilitasiya mərkəzlərinin fiziki məhdudiyyətli uşaqlara xidmət etdiyini nəzərə alsaq, onlara nəzarətin olması vacibdir. Bəs görəsən bu tip mərkəzlərin fəaliyyətinə olan tələblər nədən ibarətdir?
Reabilitasiya mərkəzlərinin fəaliyyəti necə tənzimlənir?
Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reabilitasiya mərkəzlərinin fəaliyyətinə qanunvericilik hər hansı məhdudiyyət qoymur. Bu mərkəzlər tibbi xidmət göstərmədiyindən, onların fəaliyyətinə Səhiyyə Nazirliyi nəzarət etmir: " Reabilitasiya mərkəzləri fiziki və yaxud hüquqi şəxs kimi İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bu mərkəzlərdə nitq qüsuru, eləcə də digər davranış pozuntuları olan uşaqlara reabilitasiya xidmətləri göstərilir".
E. Rüstəmov bildirir ki, reabilitasiya mərkəzləri bir növ özəl uşaq bağçaları, uşaq inkişaf mərkəzlərinin rolunu oynayır. Burada davranış pozuntusu olan uşaqların cəmiyyətə adaptasiyası üçün iş aparılır: "Reabilitasiya mərkəzlərində uşaqlar müalicə olunmur. Onlara hər hansı dərman vasitəsi tətbiq edilmir. Ona görə də tibb müəssisəsi hesab olunmur".
Loqoped uşağı niyə döyüb?
Həmsöhbətimiz deyir ki, reabilitasiya mərkəzində davranış pozuntusu olan, nitq qüsurlu uşaqlarla peşəkar iş aparılarsa, onların cəmiyyətə inteqrasiyası mümkündür. E. Rüstəmov reabilitasiya nəticəsində xeyli sayda nitq qüsurlu və davranış pozuntusu olan fiziki məhdudiyyətli uşaqların təhsilə cəlb olunduğunu söyləyir. O ki, qaldı "Mehnur" reabilitasiya mərkəzində baş verənlərə, E. Rüstəmov bildirir ki, həmin uşaqla bağlı yanaşma kökündən səhv olub: "Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun eşitmə qüsuru olub. Həmin uşaqla iş aparmaq üçün ilk növbədə körpədə eşitmə qüsuru aradan qaldırılmalıdır. Onun qulağına eşitmə cihazı yerləşdirildikdən sonra reabilitasiya tədbirlərinə başlamaq lazım idi. Heç nəyi eşitməyən uşaqda aqressiya olur. O deyilənləri eşidə bilmirsə loqopedin dediklərini necə təkrarlayacaq? Uşağı belə halda nəyisə təkrarlamağa məcbur etmək kökündən yanlışdır. Həmin uşaq ilk növbədə loqopedə yox, lora aparılmaldıır. Onun eşitmə qüsuru aradan qaldırıldıqdan sonra danışması üçün reabilitasiya kurslarına başlamaq olar".
E. Rüstəmov deyir ki, bəzən belə mərkəzlər işlərinə məsuliyyətsiz yanaşır, valideynləri düzgün istiqamətləndirə bilmirlər.
Mərkəzlərdə kameralar olmalıdır
Psixoloq söyləyir ki, fiziki qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərində mütləq şəkildə kameralar qoyulmalıdır. Valideyn uşağı ilə aparılan reabilitasiya tədbirlərini kamera vasitəsilə izləməlidir: "Fiziki qüsurlu uşaqlarla işləmək asan deyil. Onların reabilitasiyasını valideynin yanında aparmaq mümkün deyil. Amma istər loqopedin, istər də digər mütəxəssislərin otaqlarında mütləq kameralar olmalıdır".
Reabilitasiya mərkəzlərinin lisenziyası olmalıdır
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu tip özəl reabilitasiya mərkəzlərinin mütləq şəkildə lisenziyası olmalıdır. K. Ağazadə deyir ki, burada çalışan mütəxəssislərin müvafiq sertifikatı olmaldıır. Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün onların müvafiq sertifikatının olması şərtdir: "Bu mərkəzlərin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülməlidir. Biz uşağın işgəncəyə məruz qaldığı mərkəzin lisenziyasının olub-olmadığını aparılan təhqiqatdan sonra biləcəyik. Amma baş verən hadisələr göstərir ki, atılmış uşaqlarla, fiziki əngəlli uşaqlarla işləyən mərkəzlər, sığınacaqlar mütləq şəkildə lisenziya əsasında fəaliyyət göstərməlidir. "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbərinin şəhərin müxtəlif yerlərində dörd belə mərkəzi var. Biz həmin mərkəzlərdə uşaqların başına nələrin gətirildiyini hələ bilmirik".
Bir günlük reabilitasiya xidməti 70-80 manatdır
Qeyd edək ki, Bakıda fiziki məhdudiyyətli uşaqlara reabilitasiya xidməti göstərən mərkəzlərin sayı günü-gündən artır. Yağışdan çıxan göbələkləri xatırladan bu mərkəzlərin reabilitasiya xidmətləri isə kəllə-çarxdadır.
Əlaqə saxladığımız özəl psixoloji reabilitasiya və nitq inkişafı mərkəzlərindən Sputnik Azərbaycan-a bildirdilər ki, davranış və nitq pozğunluğu olan uşaqlar həftədə minimum 20 saat reabilitasiya almalıdırlar. Bu isə günlük 70-80 manat xərc deməkdir. Əgər uşaqda nitq pozğunluğu ilə yanaşı, autizmin ağır forması varsa davranış pozğunluğunu aradan qaldırmaq üçün həftədə 6 dəfə reabilitasiyaya gəlməlidir.
Ən böyük əziyyəti autizmli uşaqların valideynləri çəkir
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ən böyük problemi autizmli uşaqların valideynləri yaşayır. Həmsöhbətimiz deyir ki, ölkəmizdə reabilitasiya mərkəzlərinin sayı çoxalsa da, qiymətləri ucuzlaşmır. Autizmli uşaqların valideynləri hər ay xeyli məbləğdə övladlarının reabilitasiyası üçün pul xərcləyirlər: "Reabilitasiya mərkəzlərinin olması fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasına kömək edir. Elə davranış pozğunluğu olan uşaqlar var ki, onları cəmiyyət arasına reabilitasiya aparmadan çıxartmaq mümkün deyil. Autizmli uşaqların arasında da belələri var. Autizmdən əziyyət çəkən uşaq var ki, anasının saçını onun əlindən almaq mümkün deyil. Biz imkan daxilində belə uşaqların reabilitasiyası ilə həyata keçirdiyimiz layihələr əsasında məşğul oluruq. Çünki, valideynlərin çoxunun özəl reabilitasiya mərkəzlərinə getməyə imkanı çatmır. Onlar övladlarının reabilitasiyası üçün bir günə ən azı 70-80 manat vəsait xərcləməlidirlər. Elə autizmli uşaq var ki, onun reabilitasiyası həftənin beş-altı günü aparılmalıdır. Bu valideynlə 1500 manata başa gəlir. Reabilitasiya mərkəzlərinin çoxu icarədir. Bu mərkəzləri açanlar buna görə qiyməti yuxarı qoyur. Bir loqopedin seansı 20 manatdan ucuz deyil. Valideyn məcburdur uşağı loqopedlə yanaşı, psixoloq və digər mütəxəssislərin də seansından keçirsin. Bu zaman reabilitasiya xərci artır. Çox yaxşı olardı ki, dövlət autizmli və digər fiziki əngəli olan uşaqların reabilitasiya xərclərini özü qarşılasın. Çünki, bir çox valideynin fiziki məhdudiyyətli övladı maddi imkanı çatmadığından bu xidmətlərdən kənar qalır".
"Bir aya min manatdan çox pul xərcləyirik"
Övladı autizm olan valideyn Sabir İsayev bir aya uşağının reabilitasiyasına 1000 manatdan çox pul xərcləyir. O, övladını iki yaşından reabilitasiya mərkəzlərinə aparır. Hazırda övladı 8 yaşında olan ata təkcə 300 manat ayda taksiyə xərci çıxdığını bildirdi: "Həftənin beş günü uşağı reabilitasiya mərkəzinə aparırıq. 800 manat reabilitasiya mərkəzinə ödəyirik. 300 manat taksiyə xərcləyirik. Ətrafdakı insanları narahat edir deyə, taksidən istifadə edirik".
Valideyn bildirir ki, reabilitasiya övladı üçün hava-su kimi lazımdır. Əks halda davranışlarında aqressiv olur: "Biz bir dəfə dövlətin reabilitasiya mərkəzinə müraciət etdik. Qəbul üçün o qədər sənəd tələbi, növbə oldu ki, məcbur özələ getməli olduq. Bu gün hansı özəl reabilitasiya mərkəzinin qapısını açsan autizmli uşaqlarla doludur. Çünki, dövlət özəldəki keyfiyyətdə reabilitasiya xidməti göstərmir".
Autizmli uşaqlara əlillik verilmir?
S. İsayev deyir ki, xaricdə işlədiyindən çətinliklə də olsa övladının xərclərini qarşılaya bilir.
Valideyn bildirir ki, autizmli uşaqların əlillik dərəcəsi alması çox çətindir. Bunun üçün valideyn dəfələrlə tibbi sosial ekspert komissiyalarına gedib-gəlməlidir. Bu da ağır autizm dərəcəsi olan uşaqlarla çox çətindir. Bu səbəbdən də valideynlər autizmli uşaqları üçün əlillik müavinəti ala bilmir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, autizmli uşaqlara əlilliyin təyinatında heç bir problem yoxdur. Sadəcə olaraq valideynlər uşaqlarını ərazi üzrə polikilinikaya apararaq orada həkim müayinəsindən keçirməlidirlər. Tibbi ekspert rəyi əlillik alt sisteminə vurulduqdan sonra autizmli uşağa həmin rəy əsasında əlillik qrupu verilir və müavinət təyin olunur. Qurumdan bildirdilər ki, bəzi valideynlər bu prosedurları keçməyə tənbəllik edirlər.
O ki, qaldı autizmli və digər fiziki əngəlli uşaqların reabilitasiyasına, Sosial Xidmətlər Agentliyindən bildirdilər ki, dövlətin nəzdində iki belə reabilitasiya mərkəzi fəaliyyət göstərir. Növbəli şəkildə autizmli, eləcə də digər fiziki qüsurlu uşaqlar reabilitasiya xidmətlərindən pulsuz yararlana bilərlər.
Məlumat üçün bildirək ki, fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.