HƏRBİ

MN: Dövlət sərhədində baş verən gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.
Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması barədə xəbər yaymışdı.
Eyni zamanda sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Şəxsi heyət və texnikamızda itki olmayıb.