BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Madrid şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Məlumata görə, telefon danışığı zamanı tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə istinad edib və görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.