MƏDƏNİYYƏT

"Bir bilet-bir ağac" - Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başlayır

Festival "Bir bilet-bir ağac" şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Bu gün Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə festivalın təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev, media meneceri Bahar Zeynallı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə, animator rəssam Nitya Ramloqan və başqaları iştirak ediblər.
R.Ağamalıyev bildirib ki, sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq:

"Festival "Bir bilet-bir ağac" şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək".

Onun sözlərinə görə, festivala 50 müxtəlif ölkədən 230 film daxil olub:
"Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaq".
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq, artıq bilet satışını elan edib.
ANİMAFİLM Festivalı, arxiv şəkli
Nazirlikdən bildirilib ki, beynəlxalq tədbir "İqlim dəyişikliyi"nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək:

"Bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq".

Qeyd olunub ki, festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq.
Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya).
Üçüncü Beynəlxalq ANİMAFİLM Festivalı, arxiv şəkli
Bundan əlavə, bu il "Tamaşaçı seçimi" müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək. Qalibə isə “Lenovo”nun mükafatı təqdim olunacaq. Festivalın digər nominasiyalarında mükafatlar TVPaint Développement ("Ən yaxşı tələbə animasiya filmi"), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu ("Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi") və Shahmaran Metaceramica tərəfindən təqdim olunacaq.
Məlumat üçün bildirək ki, "Animafilm" Beynəlxalq Animasiya Festivalı 2018-ci ildə gənc rejissor Rəşid Ağamalıyev tərəfindən təsis olunub. Rəşid Ağamalıyev Çexiyada və Niderlandda kinematoqrafiya üzrə təhsil alıb. 2010-cu ildən kino sahəsinə gələn gənc rejissor və prodüser 2016-cı ildən etibarən animasiya filmləri ilə məşğuldur.