PAYTAXT XƏBƏRLƏRİ

AQTA Bakıda tonlarla yararsız qənnadı məmulatını məhv etdi

Yararsız məhsullar "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18,4 ton yararsız qənnadı məmulatlarını məhv edib. Bu barədə AQTA məlumat yayıb.
Belə ki, "N.A.N.T" MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitən, ümumi çəkisi 18440 kq qənnadı məmulatı "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Qeyd edək ki, AQTA əməkdaşları tərəfindən bir müddət öncə Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilən zaman iribuynuzlu heyvanın arxa ətrafında qapalı sınığın olduğu, kəsildikdən sonra isə daxili orqanlarının və heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 88 kq ət məhv edilib.