AZƏRBAYCAN XƏBƏRLƏRİ

Polad Bülbüloğlu Rusiyanın mədəniyyət naziri ilə görüşüb

Bülbüloğlu MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan səfiri Rusiya mədəniyyət nazirinə qəbula görə təşəkkür edərək Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb.
Həmçinin Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq Proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti, habelə müştərək kino layihəsinin yaradılması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.