BAKI, 5 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası sentyabrın 5-də Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edib. Nümayəndə heyətinin tərkibində olan daimi iki nümayəndə nüvə obyektində qalıb. Bu barədə nümayəndə heyətinin üzvlərini müşayiət edən rusiyalı nüvə üzrə ekspert Renat Karça “TASS”a məlumat verib.
Qeyd edək ki, MAQATE-nin rəhbəri Rafael Qrossinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 1-də Zaporojye AES-ə gəlib. Bu gün Ukrayna hərbçiləri nüvə obyektinin ərazisini ələ keçirmək üçün iki dəfə cəhd ediblər. Hər iki cəhdin qarşısı aviasiya və artilleriya qüvvələri tərəfindən alınıb.
Ukrayna Silahlı Qüvvələri bu gün səhərdən etibarən Atom Elektrik Stansiyasının yerləşdiyi Enerqodarı kütləvi atəşə tutub. Bu hərəkətlər MAQATE mütəxəssislərinin gəlişini çətinləşdirib və onları yolda saxlayıb, lakin bütün bunlara baxmayaraq, onlar gələ biliblər.
İlkin baxışdan sonra Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının (AES) fiziki bütövlüyünün dəfələrlə pozulduğunu təsdiqləsə də, zərərin qəsdən olub-olmadığını ekspertizasız açıqlamaqdan imtina edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.