PAYTAXT XƏBƏRLƏRİ

Bakı metrosunun bəzi stansiyalarına giriş saat 23:30-da bağlanacaq

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri bildirib ki, buna səbəb "Xocəsən-Avtovağzal" sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Sabahdan oktyabrın 1-nə qədər "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.
Bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb "Xocəsən-Avtovağzal" sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır. Odur ki, "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr" stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq.
"Bakı Metropoliteni" QSC-nin tikintisi yekunlaşan, şərti adı "Xocəsən" olan stansiyasına rəis təyin edilib.
Bununla bağlı səhmdar cəmiyyətin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
Xatırladaq ki, metronun 3 xəttindən biri - "Bənövşəyi" xəttə aid olan və sayca 27-ci olan "Xocahəsən" stansiyası bu ilin sonunadək istismara veriləcək. Hazırda stansiyada tamamlama işləri aparılır.