CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım işləri davam edir - FHN

Sentyabrın 5-dən etibarən başlanacaq reabilitasiya tədbirləri Bakı da daxil olmaqla ölkənin altı yaşayış məntəqəsində həyata keçiriləcək.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqlarının birgə iştirakı ilə Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan vətəndaşlara ödənişsiz psixoloji yardım tədbirləri davam etdirilir. Bu barədə FHN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.
Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə aşağıdakı ünvanlarda psixoloji yardım göstərəcəklər:
Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 108 (FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu);
Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 3A (Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi);
Sumqayıt şəhəri, Sülh küçəsi, 9 (FHN-in Sumqayıt Regional Mərkəzi);
Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, 12 (keçmiş modul tipli xəstəxana);
Bərdə şəhəri, H.Əliyev prospekti, 93 (Bərdə şəhər 4 saylı Uşaq İncəsənət Məktəbi);
Lənkəran rayonu, Digah kəndi (FHN-in Cənub Regional Mərkəzi).
Zəfər günü rərfəsində Bakıda binaların eyvanları, arxiv şəkli
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.