İQTİSADİYYAT

Pambıq birinci, pomidor ikinci, karbamid üçüncü yerdə - İXRAC CƏDVƏLİ

Azərbaycanın ixracı artır. İyulda ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya birinciliyə yüksəlib
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayında bildirilib.
Meyvə-tərəvəz ixrac artıb
7 ayda meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2% artıb.
Pambıq mahlıcı ixracda birinci olub
Yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (134,1 milyon ABŞ dolları) ikinci, karbamid (121,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Mallar hansı ölkələrə gedib...
2022-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 462,2 milyon ABŞ dolları, Türkiyəyə 462,2 milyon ABŞ dolları, Gürcüstana 107,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 101 milyon ABŞ dolları və ABŞ-a isə 59,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Təkcə iyul ayında ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.
Ən çox mal Rusiyaya göndərilib
2022-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (80,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (33,8 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,4 milyon ABŞ dolları) üçüncü olub.
İyul ayında karbamid ixracda lider olub
2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,3 milyard manatlıq əməliyyat aparıblar.
İxracda şərab, meyvə şirəsi, mineral su, tütün və s. üstünlük təşkil edib
2022-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 288,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin şərab, meyvə şirəsi, tomat, mineral su, tütün, fındıq ləpəsi, fındıq qabığı, biyan kökü, toyuq əti, şaftalı, mühərrik yağı, tibbi zəli, və s. məhsullar üstünlük təşkil edib.