BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 1-dən etibarən paytaxtda tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə start verilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək. İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq.
Bildirilib ki, monitorinqlərdə məqsəd heç bir fiziki və ya hüqiqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini çalmaqır:
"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən və həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanması zəruridir".
Sözügedən qurumdan o da bildirilib ki, abidəyə hər hansı müdaxilə etməzdən öncə Dövlət Xidmətinə rəsmi qaydada müraciət etməyiniz və müvafiq rəy sizə təqdim edildikdən sonra işlərə başlamağınız tələb olunur:
"Tarixi abidələrin balans daşıyıcıları olan dövlət qurumları bu məsələlərdə qanunvericiliyin tələblərinə əməl etməli və səlahiyyətli qurumla razılaşdırmadan iş icracılarına sifarişlərin verməməlidir".
Qeyd edilib ki, işi icra edən şirkət də sifarişçi şəxs (fiziki və ya hüquqi) qədər məsuliyyət daşıyır.
Bölgələrdəki abidələrə gəldikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu barədə göndərdiyimiz sorğuya maraqlı cavab verib. Qurumdan bildirildi ki, bölgələrdə olan abidələrin fasadına, ümumi eksteryerinə, interyerinə heç bir müdaxilə olunmur!
"Bölgələrdə olan abidələrin ətrafında xoşagəlməz hallar baş versə də, abidəyə müdaxilə olunmur. Yəni, abidənin üzərində, yanında hanısa reklam lövhəsi yerləşdirilmir, hansısa obyekt tikilmir. Bu kimi hallar əsasən paytaxtda baş verir. Bu görə də qurum olaraq vaxtaşırı paytaxtda monitorinqlər aparmaq məcburiyyətindəyik", - cavabda deyilir.