BAKI, 3 sentyabr — Sputnik. "Bakı Tikiş Evi"nin heç bir malı gömrükdə qalmayıb. Artıq bütün mallar sərhədi keçib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib.
E.Əzimov bildirir ki, onlara heç bir sifariş oxdur, özləri formaları tikib satışa çıxarırlar: "Hazırda da satışımız gedir. Qeyd edim ki, Nazirlər Kabinetinin qərarına əsasən məktəbli geyimləri üçün 4 rəng təsdiq olunsa da, biz yalnız iki rəngdə - mavi-boz, ağ-göy rəngli formaları tikdik. Xaki rənginin olmamasının günahkarı isə biz deyilik. Bu cibdə deyil ki, istəyən kimi çıxarıb piştxataya qoyaq. Xaki rəngli forma hardan tapılacaq, bu sual bizə aid deyil. Bildiyim qədərdə artıq kimlərsə xaki rəngi də gətirib istehsalına başlayıblar. Amma nə zaman formanı tikib qurtaracaqlar, bunu bilmirəm".
"Dövlət müəssisəsi deyilik, qarşımıza da hansısa plan qoyulmayıb. Amma təəssüflər olsun ki, bir problem olanda BTE-ni günahlandırırlar. Dövlətin bizə heç bir yardımı yoxdur. Biz bankdan götürdüyümüz kreditlərə görə işimizi qururuq. Biz bu iki rəngli formanı ancaq tikə bilirik", - deyə o əlavə edib.
E.Əzimov bəzi məktəb direktorlarından gileyini də gizlətməyib: "Nazir deyir ki 1-4-cü siniflər forma ilə təmin olunsun, amma məktəb direktorları deyir ki, bütün məktəblilər forma alıb geyinsin. Necə geyinsin? Hara sifariş verilib? BTE bütün respublikaya cavabdeh ola bilməz. Biz iki rəngdə forma tikiriksə, digər iki rəngdə olan formaları kim tikəcək? Öncə bunu müəyyən etsinlər, sonra valideynlərdən tələb etsinlər. Çünki valideynlər çox əziyyət çəkir".
Həmsöhbətimiz formaların "Bravo" və BTE-də satılmasına isə bu cür aydınlıq gətirib: "Formaları yalnız "Bravo" və BTE-nin özündə satılır. Formaları satış üçün başqa yerə vermirik. Çünki hara versək, iki qat baha satacaqlar və sonra da deyəcəklər ki, BTE formaları iki qat baha satır. Ötən ilin təcrübəsi də bunu göstərdi. Ona görə qorxuruq. Hər yerdə yazılır ki, BTE-nin amlıdır, yalandır. Bizim heç yerdə filialımız yoxdur".
Qeyd edək ki, sentyabrın 1-də BTE-nin özündə 1300 satış həyata keçirilib.
Xatırlaqak ki, bəzi məktəblər ibtidai sinif şagirldəri üçün valideynlərə xaki rəngli forma almağı tapşırıblar. Valideynlər əsasən BTE-nin istehsal etdiyi formalara üstünlük verdiklərindən, onlar "Bravo"da xaki rəngli formanı tapmadıqlarından şikayətlənirlər.