BAKI, 2 sentyabr — Sputnik. "Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. "Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, keçən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı: "Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi".
"Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik," - deyə dövlətimizin başçısı vurğulayıb.