NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC toplantısı ərəfəsində neft bahalaşır

Gələn həftə keçiriləcək OPEC+ toplantısında hasilatın azaldılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 1,5 dollar artaraq 93,86 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,41 dollar bahalaşaraq 88,02 dollar olub.
Qeyd edək ki, gələn həftə keçiriləcək OPEC+ toplantısında hasilatın azaldılması məsələsinin müzakirə ediləcəyi ehtimal edilir. Digər tərəfdən, İranın nüvə sazişi ilə bağlı razılaşmalar uzanır. Bu amillər neftin bahalaşmasına səbəb olub.
Mərkəzi bankların sərt pul siyasəti və Çində pandemiya ilə bağlı karantin tədbirlərinin istehsalı azaldacağı narahatlıqları bu həftə neftin ucuzlaşmasına təsir edib. OPEC+ toplantısı öncəsi dolların rekord səviyyəyə qalxması da qiymətlərə təsir göstərib.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,07 dollar azalaraq 95,6 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.