TƏHSİL

Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb

Bağça müəllimlərinin işə qəbul imtahanının test imtahanı mərhələsinə 5508 nəfər namizəd dəvət edilsə də, onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Xatırladaq ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanıb.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.