BAKI, 1 sentyabr — Sputnik. Təhsil Tələbə Krediti Fondu standart tələbə krediti üçün tələb olunan balı aşağı salıb. Bu barədə Fonddan xəbər verilib. Bildirilib ki, qurumun Himayəçilər Şurasının 31 avqust tarixində keçirilən iclasında qəbul olunmuş qərara əsasən, 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.
Qəbul balı yalnız I kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ümumi orta müvəffəqiyyət göstərici balı nəzərə alınacaq. Sosial təhsil tələbə krediti almaq üçün isə heç bir bal limiti yoxdur.
Qeyd edək ki, bu vaxta qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.
Məlumat üçün bildirək ki, Təhsil Tələbə Krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil Tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir.
Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.