BAKI, 1 sentyabr — Sputnik. Vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.
Bildirilib ki, müsabiqəyə çıxarılan 44, 57, 194, 202 və 214 nömrəli müntəzəm marşrut xətləridir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.
Qeyd edək ki, avqustun 30-da ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub. daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin təlabatı nəzərə alınaraq metronun "Xalqlar Dostluğu" stansiyasını Binə T/M ilə əlaqələndirən E1 və Sədərək T/M ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Onu da xatırladaq ki, artıq dünəndən bəzi daşıyıcılar arajlarında olan avtobusları satışa çıxardıblar. Bu barədə daşıyıcılar özləri məlumat yayıb. Bildiriblər ki, borclarını ödəmək üçün bu addımı atmaq məcburiyyətində qalıblar.