Müdafiə Nazirliyi Laçın rayonunun Sus kəndindən yeni videogörüntülər yayıb. Müdafiə Nazirliyi həmin görüntüləri təqdim edib. Məlumat üçün bildirək ki, Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasındadır. Oykonim "sulu yer" mənasındadır. Adıçəkilən kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləmişdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır:
"Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. "Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.