BAKI, 1 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in saytının verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Göygöl rayonunun Hacıməlik kəndində iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, yanğın zamanı 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.