BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Velosiped Federasiyasında (AVF) Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb. AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, bu, qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də sağlam həyat tərzinin təbliği məqsədilə yaradılıb.
Bölməyə ictimai əsaslarla rəhbərlik Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə həvalə olunub.
Yeni struktur bölmə qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək, velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcək.
İlk belə tədbir 27 sentyabr - Anım Günü ərəfəsində şəhidlərin xatirəsinə həsr edilmiş qazilərin velosiped yürüşü olacaq.