BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-nın yaydığı məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2353, tank əleyhinə 689 mina (cəmi 3042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik edir.
Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir.