HƏRBİ

Türk dövlətlərinin hərbi rəhbərliyi Kalender Qəsrinə toplaşdı

Hulusi Akarın dəvəti ilə keçirilən görüşdə digər türkdilli ölkələrdən də rəsmi şəxslər və hərbi idarələrin rəhbər vəzifəliləri iştirak ediblər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hulusi Akarın dəvəti ilə keçirilən görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu, Qazaxıstan müdafiə nazirinin müavini general-mayor Sultan Kəmaləddinov, Qırğızıstan müdafiə nazirinin müavini, briqada generalı Akılbek İbrayev və Özbəkistan müdafiə nazirinin müavini polkovnik Hamdan Karşıyev də iştirak edib.
Görüş Kalender Qəsrində baş tutub.
Görüşdə Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan da iştirak edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün Türkiyəyə işgüzar səfərə gedib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinin növbəti buraxılış mərasimində iştirak edib.