BAKI, 31 avqust — Sputnik. Avropada avqustun 31-də qazın satış qiyməti 1000 kubmetr üçün 2900 dolları ötüb. Bunu Londonun "ICE" birjasının məlumatları da təsdiqləyir.
Qeyd olunur ki, günün əvvəlindən qazın qiymətində ümumi artım 5,5% təşkil edib. Niderlanddakı TTF habında oktyabr füçerslərinin qiyməti 1000 kubmetr üçün 2906 dollara və ya MVt/saat üçün 280 avroya qədər yüksəlib.
Bu, "Şimal axını"nın yeganə turbininin qaz kompressor qurğusunda üç gün davam edəcəyi planlaşdırılan profilaktik işlərə görə qaz nəqlinin dayandırılması barədə xəbərlər fonunda baş verib.
Xatırladaq ki, Avropada 2023-cü il üçün elektrik enerjisinin tədarükü üzrə füçers müqavilələrinin qiymətində yeni rekord müəyyən edilib. Bildirilib ki, yalnız son iki ayda bir sıra ölkələrdə tədarükün qiymətləri iki dəfə artıb.
Avropada bu gün müşahidə oluna bilən elektrik enerjisinə yüksək tələbat hava şəraiti ilə bağlıdır, çünki istilik və quraqlıq çox miqdarda enerji sərf edən kondisionerlərin istifadəsini məcbur edir.