BAKI, 31 avqust - Sputnik. Azərbaycan Avropa İttifaqının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndirir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter hesabında bildirib.
"Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etmək istəməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - Hikmət Hacıyev yazıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşün yekunlarına dair bəyanatla çıxış edib. Bəyanatda qeyd olunan əsas məqamlar bunlardır:
▪️Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib.
▪️İki ölkənin xarici işlər nazirlərinə mətn layihələrinin hazırlanması üçün bir ay ərzində görüşmək tapşırılıb.
▪️Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların və itkin düşmüş şəxslərin taleyi müzakirə edilib
▪️Sərhədin delimitasiyası ilə bağlı bütün məqamlar nəzərdən keçirilib.
▪️ Sərhədin delimitasiyası komissiyalarının növbəti iclasının noyabr ayında Brüsseldə keçirilməsi barədə razılığa gəlinib.