BAKI, 31 avqust - Sputnik. Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə edilib.
Bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin görüşlə bağlı bəyanatında bildirilib.
"Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq", - Mişelin bəyanatında deyilir.
"Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq”, - Mişel əlavə edib.
Aİ Prezidenti həmçinin qeyd edib ki, Azərbaycan tərəfinin diqqətinə saxlanılan ermənilərin azad edilməsinin vacibliyi də çatdırılıb.
“Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”, - Mişel deyib.
Aİ liderinin sözlərinə görə, görüşdə sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin:
“İctimai mesajlar bu baxımdan vacibdir - belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və diqqətə alınır. Avropa İttifaqı uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”.