TƏHSİL

Müəllimlərin imtahanında sualın biri səhv çıxıb

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Müəllimlərin sertifikatlaşdırılması imtahanında sualın biri səhv çıxıb, namizədlərə əlavə bal yazılıb.
Bununla bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb:
"Avqustun 31-də ibtidai sinif müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının şərti doğru olsa da, düz cavab variantının yazılışında texniki xəta olduğundan iştirakçılar arasında çaşqınlığın yarana biləcəyi müəyyən edilib. Bu səbəbdən 30-cu sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə həmin sual üzrə 1 bal əlavə olunmaqla hesablanır. Bütün test imtahanları tamamlandıqdan sonra iştirakçılar şəxsi səhifələrində yekun nəticələrlə tanış ola bilərlər".
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.