VİDEO

Laçının Zabux kəndindən yeni videogörüntülər yayıldı

Avqustun 26-da Prezident İlham Əliyev sosial şəbəkə hesabında Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən videogörüntülər yayıb.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Xatırladaq ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə başlanılıb. Belə ki, "AzəEnerji" ASC tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.
Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün "Azərişıq" əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib, digər zəruri tədbirləri həyata keçirir.