RUSİYA

Kreml Avropa İttifaqını "Şimal axını"nı dayandırmaqda ittiham edib

Rusiya Federasiyası Prezidentinin mətbuat katib bildirib ki, Avropa İttifaqı özü işləri "Şimal axını"nın dayandırılması həddinə çatdırıb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa İttifaqı özü işləri "Şimal axını"nın dayandırılması həddinə çatdırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Kremlin nümayəndəsi dəqiqləşdirib ki, boru kəmərinin servis xidməti ilə Böyük Britaniyada yerləşən və Britaniya hüququna uyğun fəaliyyət göstərən "Siemens" şirkəti məşğul olur.
"Biz Britaniyanın ölkəmizə qarşı sanksiyalarından xəbərdarıq. Bu sanksiyaların uzadılmayacağına dair lazımi hüquqi təminatlar olmadan onlarla hər hansı manipulyasiya etmək mümkün deyil. Yəni vəziyyəti bu həddə gətirən avropalılar, onların öz sanksiyaları, şəxsi sanksiyaları olub", - deyə Peskov vurğulayıb.
O qeyd edib ki, Rusiya və "Qazprom" müqavilələr üzrə bütün öhdəliklərinə "sadiqdir", lakin bu gün Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən onları yerinə yetirə bilmir.
Daha öncə bildirilmişdi ki, "Şimal Axını" qaz kəmərinin dayanması yaxın üç gün üçün nəzərdə tutulmuş texniki işlər başa çatdıqdan sonra da davam edə bilər. Qeyd olunub ki, "Şimal Axını"nda növbəti işlər oktyabrın ortalarına düşəcək.
Xatırladaq ki, bu gün "Qazprom" avqustun 31-i Moskva vaxtı ilə saat 4:00-dan sentyabrın 3-ü Moskva vaxtı ilə saat 04:00-a kimi "Şimal axını"nın bağlanmasını təsdiqləyib. Rusiya şirkəti Trent 60 qaz turbininə texniki xidmət göstərməyi planlaşdırır.