BAKI, 31 avqust — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus "AzInTelecom" MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına daha 3 yeni xidmət inteqrasiya olunub.
Bununla da, portalda təqdim edilən xidmətlərin sayı 15-ə çatıb.
Sonuncu inteqrasiya nəticəsində nazirliyə məxsus "Aztelekom" MMC-nin 2, "Azərpoçt" MMC-nin 1 yeni xidməti portala əlavə edilib. Bunlar "Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc", "Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər" və "Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı" xidmətləridir.
Vətəndaş "Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc" xidmətindən istifadə edərək adına olan telefon nömrəsi ilə əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borclar haqqında məlumat əldə edə bilər.
"Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər" xidməti vasitəsilə istifadəçi əvvəlcə adına olan şəhərdaxili nömrə və ya nömrələri əldə edir. Daha sonra hər nömrə üzrə ay ərzində zəng edilən nömrələr, zənglərin tarixi, danışıq müddəti, məbləğ və ödəmə qəbzləri barədə məlumat ala bilər.
"Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı" xidməti ada uyğun axtarış edərək ölkə üzrə həmin adda küçələrin yerləşdiyi şəhər və ya rayon, orada yerləşən ev nömrələri, küçə şifri və poçt indeksi haqda məlumat almaq imkanı verir.
RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi həmin xidmətlər vahid portalda toplanılır.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar "ASAN Login" vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər.
Xatırladaq ki, Vahid Elektron Xidmətlər Portalı (https://portal.rinn.az/az) üzərindən istifadə edilən bütün xidmətlər üzrə dəqiq statistik məlumatları əldə etmək, vahid istifadəçi bazasını formalaşdırmaq mümkün olacaq.