BAKI, 31 avqust — Sputnik. Azərbaycanda ana ölümlərinin sayı son üç illə müqayisədə artsa da, 16 illə müqayisədə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 20 ana ölümü qeydə alınıb ki, bununla da əhailinin hər yüz min nəfərinə düşən ana ölümü 17.8 olub.
Son 16 ildə Azərbaycanda ən az ana ölümü isə 2018-ci ildə qeydə alınıb. Belə ki, 2018-ci ildə Azərbaycanda 17 ana ölümü qeydə alınıb. Ən çox ana ölümü isə 2005-ci ildə qeydə alınıb. Belə ki, 2005-ci ildə 41 ana ölümü qeydə alınıb.
Qeyd edək ki, 2010-cu ildə 26, 2015-ci ildə 24, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 ana ölümü qeydə alınıb.
Səbəblər nə olur?
Ana ölümlərinə əsas səbəb olaraq qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ötən il yaydığı məlumata görə, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub.
Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir.