BAKI, 31 avqust — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken səfir Filip Rikeri Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi, həm də ATƏT-in Minsk Qrupunun həmsədri təyin edib.
Azərbaycan XİN-in isə ABŞ-ın bu təyinatına münasibəti gecikməyib. XİN-in yaydığı məlumatda qeyd olunub ki, dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur. Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub.
Sputnik Azərbaycan ABŞ-ın bu təyinatının arxasında hansı məqsədlərin dayanması ilə bağlı millət vəkili Aydın Mirzəzadənin və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ABŞ kimi proseslərə operativ reaksiya verən bir ölkənin belə bir addımına təəssüf edirik: "Ola bilsin ki, Ermənistanla və xaricdəki erməni diaspor dairləri ilə xoş münasibətləri qorumaq üçün bunu ediblər. Ancaq obyektiv dünya görür ki, bu gün Minsk Qrupu deyilən bir qurum mövcud deyil. Hazırda onun mövcudluğuna ehtiyac da yoxdur".
Millət vəkili vurğulayıb ki, Minsk Qrupu 30 ilə yaxın bir müddət ərzində sadəcə tərəfləri sakitləşdirməklə məşğul olub və yaradılma mahiyyətinə uyğun hərəkət etməyib: "Bu qurumun edəcəyi işi Azərbaycan qısa müddətdə tamamladı. Azərbaycan müharibədən sonra açıq şəkildə bildirdi ki, bu təsisata ehtiyac yoxdur. Çünki Dağlıq Qarabağ problemi artıq mövcud deyil. Eyni zamanda qeyd olunmalıdır ki, bu həmsədrlərin üç üzvündən biri Rusiya bu qurumdan imtina edir. Belə olan halda ölü bir mexanizmi yenidən diriltməyə nə ehtiyac var?! Əgər Ermənistanla münasibətləri qorumaq istəyirlərsə, bu istiqamət üzrə xüsusi bir nümayəndə təyin etsinlər. Azərbaycanı bu işə qatmağa ehtiyac yoxdur".
"Uzun illər davam etmiş erməni işğalı zamanı Azərbaycan ərazilərində daş-daş üstündə qoyulmayıb. Hər yer dağıdılıb, viran edilib. Ermənistanın tarixi, mədəni abidələrə qarşı vandal münasibəti bütün dünyanın gözü qarşısındadır. Azərbaycan isə azad edilmiş ərazilərdə dinc quruculuq işləri aparır, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı üçün böyük işlər görülür. Biz çox istərdik ki, bu proseslərdə ABŞ-ı yanımızda görək. Bunun əvəzində isə ABŞ ölü bir quruma yeni nümayəndə təyin edir və Azərbaycan bunu qəbul etmir", – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq Fərhad Məmmədov bildirib ki, ABŞ-ın bu addımını həm daxili məsələlərlə, həm də regiondakı siyasəti ilə əlaqələndirmək olar: "ABŞ-da belə təyinatlar əsasən konqresin razılığı ilə həyat keçirilir. Konqresin spikeri Nensi Pelosi və konqresdə Dövlət Departamenti üçün vacib əhəmiyyət kəsb edən Xarici Siyasət Komitəsinin rəhbəri ermənipərəst və rusofob mövqedən çıxış edirlər. Belə olan şəraitdə Ermənistanın istəyinə əsaslanaraq Minsk Qrupunu gündəmdə saxlamaq üçün belə bir təyinat həyata keçiriblər. Xarici amil isə ondan ibarətdir ki, bu regiondakı məsələlərdə iştirakçı olan yeganə qurumdur, ancaq Vətən müharibəsindən sonra bu qurum əhəmiyyətini itirib. Bununla yanaşı ABŞ digər formatlarda da iştirak etmir. ABŞ Aİ-nin iştirak elədiyi formatı dəstəkləyir, ancaq öz iştirakı sadəcə Minsk Qrupu vasitəsilə mümkündür".
Politoloq vurğulayıb ki, post-müharibə dövründə iki format müəyyənləşib və bunların heç birində ABŞ yoxdur: "Buna görə də onlar hələ də Minsk Qrupuna ümid edirlər. Ancaq Azərbaycanın mövqeyi Minsk Qrupuna açıq şəkildə ifadə olunub".