BAKI, 30 avqust — Sputnik. Zaporojye Atom Elektrik Stansiyasında (AES) radiasiya ilə bağlı vəziyyət normal olaraq qalır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib.
"Atom Elektrik Stansiyasının texniki vəziyyətinə nəzarət və onun fəaliyyətinin təmin edilməsi ştatlı texniki heyət tərəfindən yerinə yetirilir", - deyə general-leytenant bildirib.
Müdafiə Nazirliyi həmçinin AES ərazisində ağır silahların olmadığını da bildirib.
"Rusiya ixtisaslaşmış hərbi birləşmələri tərəfindən stansiyanın xarici perimetrinin mühafizəsi həyata keçirilir", - deyə Konaşenkov qeyd edib.
Nazirliyin məlumatına görə, ötən sutka ərzində Ukrayna təhlükəsizlik qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının ərazisini üç dəfə atəşə tutublar.
Bundan əvvəl Ukrayna hərbçilərinin MAQATE missiyasının gözlənilən səfərini pozmaq üçün Zaporojye AES-in ərazisini atəşə tutduqları bildirilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.