BAKI, 30 avqust — Sputnik. Bakıda kafe və restoranlarda qiymətlərin fantastik həddə olması hətta yüksək çinli məmurları da dilə gətirib. Belə ki, ötən gün Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial şəbəkə hesabında Azərbaycanda qiymətlərin baha olduğunu əks etdirən paylaşım edib.
V.Quliyev Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edərək qiymətlərdə ciddi fərq olduğunu ifadə edib:
"Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik qəhvə, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir", deyə səfir bildirib.
Bulvarda mürəbbəsiz, ləbləbisiz çay verilmir
Qeyd edək ki, bu, Azərbaycanda kafe və restoranlarda qiymətlərin həddindən artıq baha olmasını əks etdirən ilk narazılıq deyil. Mütəmadi olaraq sosial platformada bununla bağlı şikayətlərə rast gəlinir.
Bu günlərdə jurnalist Aqil Ələsgər də dənizkənarı parkdakı kafe və restoranlarda müştəriləri narahat edən problemə toxunub.
Jurnalist bildirib ki, bulvarda yerləşən kafe və restoranlarda müştərilərin hüquqları kobud şəkildə pozulur. Onun sözlərinə görə, bulvarda yerləşən kafelərdə çay istəyən müştəriyə məcburi şəkildə mürəbbə, yaxud da çay dəstgahı verilir.
Jurnaist Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bulvardakı kafelərdə müştərilər sadə çay içmək hüququndan məhrum edilib. O, bildirib ki, kafelər çay sifariş verən müştəriyə dərhal mürəbbə, şokalad, çay dəsgahı gətirirlər. Müştəri sadə çay içmək istədiyini söylədikdə isə bildirilir ki, çay ancaq mürəbbə ilə verilir:
Qəbzlər, arxiv şəkli
© Sputnik / Anar Mustafayev
"Müştəridən soruşmurlar ki, sənin şəkərin var, mürəbbə, şirniyyat yeyə bilirsən, yoxsa yox? Sadə çay vermirlər. Məcbursan yanında mürəbbə alasan. Yaxud da çay dəstgahı sifariş verəsən. O gün mən bulvardakı restoranların birində bu cür qanunsuzluqla rastlaşdım. Təbii ki, belə halda mən etiraz edərək restorandan çıxıram və öz iradımı bildirirəm. Amma problem orasındadır ki, Bakı bulvarındakı kafe və restoranların bu qanunsuzluğu davam edir. Problemə nə Bulvar İdarəsi əncam çəkir, nədə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti... Kafe və restoranların sahibkarlarının qoyduğu bu qayda müştərilərin açıq şəkildə cibinə girməkdir. Onsuz da Bakı bulvarında qiymətlər çox bahadır. Üstəlik bu yola əl atmaq müştəriləri soymaqdır. Buna aidiyyatı qurumlar göz yummamalıdır. Müştəri nəyi sifariş verirsə onun pulunu ödəyir. Amma müştəriyə məcbur şəkildə mürəbbə, çay dəstgahı aldırmaq yolverilməzdir, qanunsuzluqdur".
Bulvar İdarəsi çarə qıla bilmirsə...
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun bulvarda fəaliyyət göstərən kafe və restoranların sahiblərinin işinə müdaxilə etmək səlahiyyəti yoxdur:
"Biz ancaq onlara tövsiyə edə bilirik. Bizim sahibkarların fəaliyyətinə müdaxilə etmək səlahiyyətimiz yoxdur. Onu da qeyd edim ki, Bakı bulvarında elə kafelər var ki, çox münasib qiymətədir".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusu ilə bağlı araşdırma aparılacağını bildirdilər.
Turist axınına böyük maneə
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kafe və restoranlarda qiymətlərin çox baha olması, müştərilərin hüquqlarının pozulması ölkəmizə turist axının qarşısını alır:
"Bütün bunların hamısı ölkəmizə turist axının qarşısını almağa yönəlmiş işlərdir. Həm Bakıda, həm də bölgələrimizdə qiymətlər çox yüksəkdir. Vilayət müəllimin (red. - Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev) bu iradı haqlıdır. Qiymətlər çox yuxarı həddədir. Belə olan halda ölkəyə gələn turist bir də gəlmir. Bu da turizmin inkişafına mane olur".
Hotellər də müştəriləri "soyur"
F.Mustafa Dənizkənarı Milli Parkda müştərilərə qarşı haqsızlığın yolverilməz olduğunu bildirib:
"Gələn müştəriyə menyu təqdim edilməlidir. Müştəri nə sifariş verirsə, onun pulunu ödəməlidir. Təəssüf ki, Azərbaycanda hotellərdə də müştəriyə soruşmaqdan yemək sırımaq ənənəsi mövcuddur. Hoteldə bir qəhvə, bir çay sifariş verirsən, yanında bahalı şokalad, şirniyyat gətirirlər. Soruşmurlar ki, ay müştəri bəlkə sən diabet xəstəsisən, bəlkə sənin təyziqin var, şirniyyat yemək olmaz?! Məcbur edirlər ki, çayın yanındakı şokaladın da pulunu ödəyəsən. Bir fincan çay içəndə 40 manat hesab verirsən. Müştərini belə məcbur etmək olmaz. Həmin istirahət mərkəzinə, hotelə gedən müştəri bir də ora ayaq basmır. Bu da nəticədə turistləri narazı salır. Turist bir də həmin ölkəni, həmin məkanı seçmir".
Deputat deyir ki, aidiyyatı qurumlar bununla bağlı bir tədbir görməlidirlər:
"Sahibkarı müştərini belə soymağa nəyin məcbur etdiyi araşdırılmalıdır. Bəlkə dövlət qurumları sahibkarları yersiz əlavə xərclərlə yükləyir? Nəticədə sahibkar da bunun pulunu müştərinin cibindən çıxır. Yaxud da, bu sahibkarın çox qazanmaq hərisliyidir... Hər bir halda müştəri məmnuniyyətini, hüququnu pozan bu kimi halların qarşısı alınmalıdır ki, turizm ölkəmizdə inkişaf etsin. Əks halda turistlər ölkəmizdən qaçaq düşəcəklər".
Agentlik sahibkarlara cəza tətbiq edə bilmir
Dövlət Turizm Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, sahibkarlar üzərində nəzarət Agentliyin səlahiyyətində deyil. Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a bildirib ki, bu halda müştərilər aidiyyatı qurumlara şikayət etməlidirlər:
"Biz vətəndaşlara müraciət edirik ki, belə hallarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər. Agentlik aidiyyatı qurumlarla birgə iaşə obyektlərində maarifləndirmə işləri aparır. Amma təəssüf ki, inzibati tənzimləmə mexanizmi Dövlət Turizm Agentliyinin səlahiyyətində deyil".
Gələn turistlər isə narazıdır
Xatırladaq ki, bir müddət əvvəl məşhur rusiyalı biznesmen Artyom Bıkov Bakıda səfərdə olarkən, ona iki hesab yazmağa cəhd ediblər:
"Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim", - deyə Bıkov bildirib. O həmçinin əlavə edib ki, hazırda hotelə qarşı şikayət hazırlayır.