TƏHSİL

Müəllimlərin sertifikasiyasına başlandı

Test imtahanında hər bir düz cavab bir bal kimi müəyyən ediləcək, cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başlayıb. İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edir.
İmtahanlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunub.
Test imtahanı mərhələsində 60 sual namizədlərə təqdim olunur. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var. Nazir qeyd edib ki, bu qeyri-bərabərlik üç əsas yolla tənzimlənir:
"Biz çalışırıq ki, bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. XXI əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir".