TƏHSİL

Məktəblərdə yeni dərsliklər tədris olunacaq - YENİLİK

Rüfət Əzizov bu tədris ilində məktəblərdə dərsliklə bağlı hansı yeniliklərin tətbiq olunacağını açıqlayıb.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Növbəti tədris ilindən yeni dərsliklərin istifadəsinə başlanılacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov APA-ya açıqlamasında bildirib. R.Əzizov deyib ki, bunlardan biri V siniflər üçün "Təbiət 5" dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək: "Əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyi keçiriləcək. Bu dərslik I-II siniflərdə istifadə olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib".
Rüfət Əzizov onu da bildirib ki, gələcək illərdə informatikaya dair kurrikulum, proqram və dərsliklərin yenilənməsi nəzərdə tutulub. Təhsil İnstitutunun direktoru deyib ki, informatika üzrə hazırda "Rəqəmsal bacarıqlar" adlı böyük bir layihə həyata keçirilir. Onun sözlərinə görə, yeniliklər, "Rəqəmsal bacarıqlar" layihəsi əsasında da ola bilər: "Biz Dövlət İmtahan Mərkəzi ilə mütəmadi olaraq görüşlər keçiririk. Aramızda çox yaxşı əməkdaşlıq var. İstər ingilis dili, istər informatika, istərsə də digər fənlərlə bağlı imtahanlara salınacaq suallar müzakirə edilir. Düşünürəm ki, informatika fənni ilə bağlı da heç bir problem olmayacaq".
Xatırladaq ki, növbəti ildən informatika seçmə fənn kimi qəbul imtahanlarına salınacaq.