AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Belarusa ixracın həcmi 75,8 milyon dollar, idxalın həcmi isə 64,3 milyon dollar olub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Belarus prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 75,8 milyon dollar, idxalın dəyəri isə 64,3 milyon dollar olub.
Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları olub.