CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə müharibə zamanı dağılan evlərin bərpasına 1,3 mln. manat ayrılıb

Artıq bununla bağlı keçirilən tenderə yekun vurulub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderə yekun vurub.
"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Real-İnşaat" MMC seçilib. Müqavilə üzrə "Real-İnşaat"a 1 milyon 298 min manat ödəniləcək.
Məlumat üçün bildirək ki, şirkət Tərtərdə tikinti-bərpa işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır.
Qeyd edək ki, Tərtər 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin cəbhədən kənar mülki şəhərlərini atəşə tutması nəticəsində ən çox ziyan görmüş rayonlardandır. Burada ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib. Müharibə bitdiyi vaxtdan indiyə qədər rayon ərazisində 5600-ə yaxın tikilinin təmir-bərpası, 44 yaşayış evi və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib.