HƏRBİ

Zakir Həsənov Türkiyəyə səfər edəcək

Müdafiə naziri Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyəyə işgüzar səfər edəcək.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyəyə işgüzar səfər edəcək.
Türkiyə Zəfər Bayramı
Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.
Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi...
Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.
1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.
1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.
İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi...
Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.
30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.