BAKI, 29 avqust — Sputnik. "Bu gün paytaxtın Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacda baş verən hadisə torpaq sürüşməsi deyil".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, hadisəyə səbəb həmin ərazidə olan evlərin birində həyətin həddən artıq sulanması olub:
"Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. İntensiv suvarma nəticəsində yamacın başındakı daş parçası yola düşüb. Artıq yol təmizlənib, heç bir problem yoxdur. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki yamacda sürüşmə baş verməyib. Orada nə sürüşmə, nə də uçqun prosesinin potensialı yoxdur. Ərazi dayanıqlı vəziyyətdədir".
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsindəki yamacda yola torpaq və qaya parçası düşüb. (Report)