TƏHSİL

Uğuru necə qazanmalı? Yüksək balla ali məktəblərə daxil olan gənclərdən tövsiyələr

Ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan gənclər hesab edirlər ki, repetitorlar və məktəblər olmadan da oxuyub yaxşı bal toplamaq mümkündür.
Sputnik
BAKI, 29 avqust — Sputnik. İki il repetitor yanına getsəm də, düşünürəm ki, şəxsən özüm də hazırlaşsaydım, 688 balı toplaya bilərdim.
Bunu Zəngilan rayon məktəbinin məzunu olan 17 yaşlı İsmayıl Əlizadə bu gün Azərbaycan Menecment və İnvestisiya Korporasiyasında yüksək bal toplayan abituriyentlərlə görüşdə deyib.
"Bəlkə də müəllimlərim bu fikrimə görə hirslənə bilər, amma belə hesab edirəm ki, indiki zamanda məktəb və fərdi müəllimlərin funksionallığı itir. Zaman və texnika elə inkişaf edib ki, saniyə içində istədiyin məlumatı internet üzərindən əldə edə bilərsən. Bunun üçün harasa gedib vaxt itirməyə dəymir", - deyə Əlizadə bildirib.
Təhsil almaq üçün ADA universitetini seçən İsmayıl Əlizadənin hədəfi komputer elmləri üzrə təhsil almaqdır:
"ADA-dan başqa digər universitetlərdə komputer elmləri üzrə arzuladığım ixtisaslar yox idi. Xaricdə təhsil almağı planlaşdırsam da, yenə də düşünürəm ki, hər hansı biliyə yiyələnməkdə universitetlərin o qədər də önəmi yoxdur. Uğur qazanmaq şəxsin özündən asılıdır".
İsmayılın uğurunun əsas səbəbkarı elə özü olub. Valideynləri heç zaman onun başının üstündə durub "dərsini oxu", "tapşırıqlarını et" deməyiblər:
"Valideynlərim yaşca məndən böyük olan bacımın təhsilinə xüsusi diqqət edirdilər. Mənim üzərimdə isə demək olar ki, əsmirdilər. Çünki olimpiadalarda yüksək nəticələr aldığımı, qalib olduğumu görürdülər. Sınaq imtahanlarından da yüksək bal topladığım üçün valideynlərim üzərimdə əsmədi, onların etibarını qazana bilmişdim".
İsmayıl hesab edir ki, çox oxumaq, günün böyük hissəsini dərsə ayırmaq heç də düzgün deyil: "Demək olar ki, günümün bir saat, saat yarımını dərslərimə ayırırdım. Elə vaxt olub, heç gün ərzində oxumamışam. Ümumiyyətlə, düşünürəm ki çox oxumaq uğura aparmır. Sadəcə nəyi oxumalı olduğunu bilməlisən".
"Telefonla da oynayırdım, amma əyləncəni dərslərimdən sonraya saxlayırdım", - deyə o, əlavə edib.
Zamanı düzgün bölüşdürən, internet və elektronikadan daha çox məqsədə uyğun istifadə edən İsmayıl yüksək nəticə göstərmək üçün abituriyentlərə məsləhətlərini də açıqlayıb:
"Öncə abituriyentlər nə istədiklərini bilməlidirlər, hamının məsləhətinə qulaq asmamalıdırlar. Çünki nəyin sənin üçün daha yaxşı olduğunu ancaq özün bilə və müəyyən edə bilərsən".
I ixtisas üzrə hazırlaşan, İT üzrə təhsil almaq üçün ADA universitetini seçən Nahid Ağayev 626 bal yığıb. İki il repetitor yanına gedən Nahid Ağayev bu müddətdə telefondan, sosial şəbəkələrdən uzaq olub, zamanını daha düzgün planlaşdırıb:
"Ümumiyyətlə, düşünürəm ki, sinifdə rəqabət böyük olsaydı, repetitor yanına getmədən də bu balı toplaya bilərdim".
Nahid Ağayev
637 bal toplayan, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini seçən Könül Cabbarlı da iki il repetitor yanına gedib:
"Demək olar ki, son iki il ərzində məktəbə getməmişəm və bu uğurum da fərdi hazırlığın nəticəsidir. Ümumiyyətlə, tək məktəb təhsili ilə bu balı toplaya bilməzdim".
Könül Cabbarlı
"Növbəti ildə yüksək bal toplamaq istəyənlərə də onu deyə bilərəm ki, hədəfli olub çox oxusunlar", - deyə o əlavə edib.
Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev isə bildirib ki, yüksək bal toplayanların sayəsində Azərbaycan aparıcı dövlətə çevrilməlidir:
"Universitet sadəcə yol göstərəcək. Yüksək təhsil almaq üçün mütləq tələbkar olmaq lazımdır. Ümumiyyətlə, əsas çətinlik universitetə daxil olduqdan sonra başlayır".