BAKI, 29 avqust — Sputnik. Sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində ''Könül bağımız Qarabağdır'' adlı festival təşkil olunacaq. "Usuboğlu Group''un təşkilatçılığı ilə baş tutacaq festivalın keçirilməsində məqsəd əsrlərdir ortaq keçmişə, mədəniyyətə sahib olan türksoylu xalqların bir araya gəlməsi, yüzilliklərə dayanmış milli ənənələrin unudulmamasıdır.
Festival gecəsində Azərbaycan və Türkiyənin tanınmış sənətçiləri, ictimai-siyasi xadimləri iştirak edəcək. Tədbirin təşkilatçısı, "Kültürlü Genclik Derneyi"nin Azərbaycan bölmesinin İdare Heyətinin Sədri Samiral Usubova bildirib ki, festival Azərbaycan mədəni irsinin Türkiyədə daha geniş tanıdılması baxımından çox əhəmiyyətlidir:
"Erməni lobbiçiliyinin güclü olduğu İstanbulda Azərbaycan incəsənətinin möhtəşəmliyini, milli rəqslərimizin və Azərbaycan mətbəximizin özünəməxsusluğunu göstərməyə çalışacağıq. Təəssüf ki, nə Azərbaycan, nə də Türkiyədə fəaliyyət göstərən iş adamları bu işdə bizə yardım etmədi. Amma bu, bizi ruhdan salmır".
Qeyd edək ki, festivalda Qarabağ Müharibəsində zəfərin şərəfinə təsis olunmuş mükafatlar təqdim ediləcək. Tədbirə bir qrup Qarabağ qazisi, həmçinin İstanbulda müalicə alan qazilərimiz də qatılacaq.