SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran səfiri Azərbaycanın Laçın üzərində nəzarəti bərpa etməsinə münasibət bildirib

İranın Azərbaycandakı səfiri bildirib ki, Azərbaycan öz torpaqlarını, öz ərazi bütövlüyünü bərpa edir.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Qardaş dövlət olaraq, İran Azərbaycanın Laçın üzərində nəzarəti bərpa etməsinə şaddır.
Bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
"Biz çox xoşbəxtik, bu, tarixi bir gündür. Azərbaycan öz torpaqlarını, öz ərazi bütövlüyünü bərpa edir. Bu hadisə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edirəm", - səfir deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. O, bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.