RUSİYA

Putin və Paşinyan bu gün nə danışıblar? Kreml açıqladı

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə baş tutub.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri telefon danışığı zamanı regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edən 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bəzi praktiki aspektlərinə toxunublar”, - deyə Kremlin məlumatda qeyd edilib.
Ermənistan hökumətinin mətbuat xidmətinin yadığı açıqlamada isə bildirilir ki, telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında Dostluq haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.
***
Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı cari məsələlər müzakirə olunacaq.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibəti ilə bağlı bu gün yaydığı bəyanatda bildirib ki, Cənubi Qafqaz regionunda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir.
"Biz əsas müttəfiq mövqeyindən İrəvana müdafiə qabiliyyətini və sərhəd təhlükəsizliyini gücləndirməkdə, qonşuları ilə əlaqələri normallaşdırmaqda kömək etməyə davam etməkdə qərarlıyıq.
Əminik ki, regionda sabitliyə aparan yol 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir. Rusiya sülhməramlı kontingenti Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas amil olaraq qalır", - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Avqustun 26-da Azərbaycan ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərinə yerləşib.