RUSİYA

Kreml Stoltenberqin bəyanatını pislədi

Kremlin mətbuat katibi bildirib ki, NATO baş katibinin bəyanatını mənfi qəbul edirlər, çünki Arktika Rusiyanın iqtisadi və təsərrüfat fəaliyyəti zonasıdır.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Arktika Rusiyanın iqtisadi və təsərrüfat fəaliyyəti zonası olduğundan, NATO-nun baş katibi Yens Stoltenberqin Arktika regionunda alyansın mövcudluğunun artırılması zərurəti ilə bağlı bəyanatlarını mənfi qarşılayırıq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Stoltenberq bundan əvvəl NATO-nu Rusiya və Çinin orada aktivləşməsi ilə əlaqədar Arktika regionunda rolunu gücləndirməyə çağırmışdı.
"Biz NATO baş katibinin bəyanatını mənfi qəbul edirik, Arktika bizim iqtisadi, təsərrüfat fəaliyyəti zonamızdır. Rusiyanın təhlükəsizliyini təmin etmək fəaliyyətimizlə bağlı zonadır. Arktika bizim həyati maraqlarımız olan sferadır. Digər ölkələrlə qarşılıqlı fəaliyyət, xüsusilə də Çin Xalq Respublikası ilə əməkdaşlıq yalnız Arktika zonasının daha da inkişafına yönəlib, heç bir başqa ölkə və ya birlik üçün təhlükə yaratmır və yarada da bilməz", - deyə Kremlin sözçüsü vurğulayıb.
O qeyd edib ki, Kreml bu cür bəyanatları Arktikada Rusiyanın maraqlarına qarşı çıxmaq niyyətinin ifadəsi kimi qəbul edir və Rusiya öz maraqlarını etibarlı, lazımi səviyyədə təmin edəcək.
Daha əvvəl Stoltenberq Rusiya Federasiyası ilə Çinin Arktikadakı birgə əməkdaşlığının NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuduğunu bildirmişdi.