HƏRBİ

ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı

Avqustun 22-dən 27-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 731 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, Şuşada keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirmişdi ki, indiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb.