DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Washington Post”: ABŞ-dan Ukraynaya dəniz yolu ilə silah tədarükü artıb

“The Washington Post” qəzetinin mənbələri qeyd edib ki, “gəmilər böyük miqdarda yük daşıya bilər ki, bu da Ukraynaya gələcək hərbi əməliyyatlar üçün daha böyük arsenal yaratmağa imkan verə bilər”.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Pentaqon Ukraynaya silah çatdırmaq üçün dəniz daşımalarından istifadəni genişləndirir. Bu barədə “The Washington Post” qəzeti ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən xəbər verir.
Qəzet yazır ki, əgər Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlanğıc ərəfəsində silah tədarükünü sürətləndirmək üçün aviasiyadan istifadə olunurdusa, indi isə böyük miqdarda silah-sursat tələb edən ağır hərbi texnika və artilleriya tədarükünün artırılması üçün dəniz yoluna üstünlük verilib.
"Biz onları haubitsalarla təmin etməyə başlayan kimi anladıq ki, bizim daha çox silah-sursata ehtiyacımız olacaq", - deyə ABŞ Nəqliyyat Komandanlığının əməliyyatlar üzrə direktor müavini Stiven Puthoff nəşrdən sitat gətirib.
O qeyd edib ki, “beləliklə, biz dəniz daşımalarını dəstəkləmək üçün əvvəlcədən daha çox planlaşdıra və dəniz nəqliyyatından daha geniş istifadə edə bilərik, bəzən hətta sorğudan əvvəl də təmin edə bilərik”.
Bundan əlavə, “The Washington Post” qəzetinin mənbələri qeyd edib ki, “gəmilər böyük miqdarda yük daşıya bilər ki, bu da Ukraynaya gələcək hərbi əməliyyatlar üçün daha böyük arsenal yaratmağa imkan verə bilər”.
Qəzet yazır ki, hərbi məmurlar Ukraynaya silahların çatdırılması üçün istifadə olunan konkret marşrutları detallaşdırmaqdan imtina ediblər. Eyni zamanda onlar izah ediblər ki, ABŞ-dan tədarük olunan silahların bir hissəsi birbaşa Ukraynaya gedir, digər hissəsi isə Amerikanın Avropa ölkələrindəki ehtiyatlarını doldurmaq üçün gedir, çünki Ukraynaya silah tədarükü də oradan yollanır.
Nəşrdə qeyd edilib ki, hazırda Pentaqon Ukraynaya 1,4 mindən çox “Stinger” zenit raketi, 8,5 min “Javelin” tank əleyhinə raketi, 700 “Switchblade” pilotsuz uçuş aparatı və 900 mindən çox mərmisi olan 142 ədəd haubitsa artilleriya qurğusu tədarük edib.
ABŞ administrasiyasının rəsmi nümayəndələri Ukraynaya hərbi yardımın daha da genişləndirilməsini gözlədiklərini bildiriblər.
Bu həftənin əvvəlində ABŞ Müdafiə Nazirinin müavini Kolin Kol Ukraynaya 3 milyard dollar məbləğində göndərilən hərbi yardımı şərh edərkən jurnalistlərə bildirib: “Bu, bizim indiyədək ən böyük təhlükəsizlik yardım paketimiz ola bilər, ancaq icazə verin açıq deyim: bu, sonuncu olmayacaq. Biz yaxın, orta və uzunmüddətli perspektivdə Ukraynanın potensial ehtiyacları ilə bağlı yaxından məsləhətləşmələrimizi davam etdirəcəyik”.